Mədəniyyət işçiləri YAP-ın namizədinə səs verəcəklər

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək, Cənab İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyini, vətənimizin dünyada sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasını qeyd edib. Bildirib ki, ölkənin iqtisadi, mədəni və sosial sahələrində aparılan islahatlar Azərbaycan xalqının daha firavan yaşamasına səbəb olub: "Ona görə də, sizlərin hər birinizi Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına - Cənab İlham Əliyevə səs verməyə çağırıram. Bizlərin bir şüarı var: "İlhamla irəli!" və bu şüarla növbəti qələbələrə, zəfərlərə doğru da birgə addımlayaq". Görüşdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, xalq artistləri Hacı İsmayılov, Arif Quliyev və başqaları çıxış edərək, Azərbaycanda olan yüksək inkişafdan, mədəniyyət sahəsinə göstərilən qayğı və diqqətdən danışıblar. Qeyd olunub ki, belə bir mühitdə yaşayan seçicilərin partiyanın namizədi Cənab İlham Əliyevdən başqa heç bir seçimi yoxdur. Cənab İlham Əliyev ötən illər ərizində Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Çıxış edənlər Səbail seçicilərini uğurlu gələcəyimizin qarantı - İlham Əliyevə səs verməyə səsləyiblər. Seçicilər də çıxışlarında 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Tədbirdə YAP Səbail "Akademik Filarmoniya" ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya vəsiqələri təqdim olunub. Nəzakət ƏLƏDDİNQIZI