“Qarabağ münaqişəsi mitinqlə həll olunacaq məsələ deyil” — deputatdan Akif Nağının mitinqinə ETİRAZ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 12-də Bakının “Məhsul” stadionunda təyin etdiyi mitinqə etiraz edib. R.Rzayev "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu cür hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə zərər vurur: "Mən bunu səhv addım hesab edirəm. Çünki Dağlıq Qarabağ münaqişəsi mitinqlə həll olunacaq məsələ deyil. Bu problemin yeganə həlli yolu Ulu Öndər Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcək yeganə yol məhz budur. Mitinq keçirtmək və digər bütün yollar münaqişənin həlli prosesinə problem yaradır. Əgər bu gün biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini istəyiriksə, o zaman müəyyən qədər gözləməliyik". Deputat deyib ki, Azərbaycan hələlik sülh yolunu seçib: "Müharibə elə bir məsələdir ki, onu istənilən vaxt həll etmək çətindir. İndiki dövrdə bu cür silahlarla müharibə etmək və hər hansı qərar qəbul etmək elə də asan məsələ deyil. Cənab prezidentin də mövqeyi odur ki, münaqişə danışıqlar yolu ilə həll edilsin". Vasif Həsənli Ölkə.Az