Türkiyə-Rusiya-İran ittifaqı - münaqişələrin həlli üçün yeni imkan - ŞƏRH

Bakı. 5 aprel. REPORT.AZ/ Suriyada baş verənlər bölgədə yeni şəraitin yaranmasına səbəb olub və aprelin 4-də Türkiyədə keçirilən sammit də bunu təsdiqləyir. Təbii ki, Qərbin təzyiqləri fonunda Rusiya prezidenti Vladimir Putinin Ankaraya rəsmi səfəri həftənin ən önəmli beynəlxalq hadisələrindən biri sayıla bilər. Səfər çərçivəsində Mersin əyalətinin Gülnar rayonunun Akkuyu bölgəsində Türkiyənin ilk Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarıV.Putin mərasimə video-konfrans vasitəsilə qatılıblar. R.T.Ərdoğan mərasimdə çıxışı zamanı bildirib ki, Akkuyu AES-in ilk reaktorunu 2023-cü ildə istismara verməyi planlaşdırırlar. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir. Bu maliyyə vəsaitinin hamısını Rusiyanın dövlət qurumları ödəyəcək. Ümumiyyətlə, Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb. Stansiya Türkiyənin ümumi enerji istehsalının, təxminən, 10 faizini təmin edəcək. Yeri gəlmişkən, hazırda dünyanın 31 dövlətində 192 Atom Elektrik Stansiyası fəaliyyət göstərir, 16 ölkədə isə 55 AES tikilir. Türkiyə Pakistan, Qazaxıstan və İrandan sonra AES-ə malik olacaq 4-cü müsəlman dövlətidir. V.Putin isə mərasimdə çıxışı zamanı deyib ki, Akkuyu AES-in açılışı Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacaq. Hər halda Türkiyədə AES-in fəaliyyət göstərməsi ölkənin gələcəkdə enerji daşıyıcılarından asılılığını azalda, eyni zamanda atom fizikasının inkişafına da çox gülcü təkan verə bilər. Bundan başqa, V.Putinin səfəri zamanı Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksinin müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcəyi barədə də razılıq əldə olunub. Düzdür, Türkiyənin Rusiya ilə hərbi, atom-nüvə texnologiyası sahəsində əməkdaşlığı Qərbdəkiləri yalnız qısqanclıqdan qıcıqlandıra bilər. Amma aprelin 4-də Rusiya ilə Yunanıstan “Silah sistemi xidmətinin müddətinin uzadılması”na dair dövlətlərarası razılaşmanı imzalayıblar. Qeyd edək ki, Yunanıstanın silah arsenalında Rusiya istehsalı olan “S-300” (“S-300PMU-1”), “Top-M1”, “Osa” zenit-raket kompleksi, “Kornet-E” və “Faqot” tank əleyhinə raket kompleksi, hava yastıqlı“Zubr” desant gəmisi var. Bu baxımdan, V.Putinin Türkiyəyə səfərini iki yöndən dəyərləndirmək istərdik. Səfər Rusiyaya nə verdi, yaxud nə verəcək? Türkiyə Putinin səfərindən nə əldə etdi, yaxud nə qazanacaq? Təbii ki, ağır siyasi, iqtisadi, diplomatik sanksiyalarla üzləşən Rusiyanın NATO üzvü olan Türkiyə ilə əməkdaşlığı genişləndirməsi Moskvaya əlavə güc verir. Bu səfərlə Kreml Yaxın Şərqdə nüfuzunu artırmaq istiqamətində əhəmiyyətli addım atıb. Rusiya beynəlxalq münaqişələrin həllinə təsir göstərmək gücünü nümayiş etdirdi. Moskvanın Yaxın və Orta Şərqdə fəaliyyətini artıracağını, bölgədə ABŞ-la rəqabətə daha inamla girişəcəyini ehtimal etmək olar. Rusiya silah bazarında da əlavə müştərilər qazana bilər. Türkiyəyə gəldikdə isə Ankara bu əməkdaşlıq nəticəsindəhərbi arsenalını gücləndirəcək. Bundan əlavə, Türkiyə ərazi bütövlüyünü təhdid edənlərin havadarlarından biri sayılan Rusiyanı mövqeyindən çəkindirməyə nail olub. Eyni zamanda Ankara enerji daşıyıcıları sahəsində Moskva ilə əməkdaşlığı inkişaf etdirməyə başlayır. Ümumilikdə, bu səfər Türkiyənin bölgədə və dünyada əhəmiyyətli rolunu təsdiqlədi. Almaniyanın Ankaradakı səfiri Martin Erdmanın Akkuyu AES-in təməlqoyma mərasimindən sonra mətbuata açıqlamasında da buna işarə vurulur: “Türkiyə Avropa ilə iç-içədir. Türkiyə imtinaedilməz əməkdaşdır. Ona alternativ axtarmaq məntiqsizdir”. Aprelin 4-də Türkiyə, Pusiya və İran prezidentlərinin üçtərəfli görüşünün yekununda qəbul edilən bəyanat isə bölgə dövlətlərinin ərazi bütövlüyünün toxunulmazlığını bir daha təsdiqləyib. Suriyanın gələcəyi məsələsi ilə bağlı tərəflər razılıq əldə etdiklərini, terrorçulara qarşı mübarizə aparacaqlarını bildiriblər. Sənəddə hər üç dövlət Suriyanın ərazi bütövlüyünü pozmağa çalışan və qonşu ölkələrin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşı olduqlarını da vurğulayıblar. Görüşün yekununa həsr edilən birgə mətbuat konfransında isə İran prezidenti Həsən Ruhani ABŞ-ın Suriyadan çıxması məsələsi ilə bağlı çox maraqlı bir məsələyə toxunub: "ABŞ ərəb dövlətlərindən Suriyada qalmaq üçün pul istəyir". Qeyd edək ki, prezident Donald Tramp ABŞ-ın Suriyadan çıxması ilə bağlıçox təzadlı bəyanat verib. Bu məsələ hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Yeri gəlmişkən, Donald Trampbu ilin yanvarında ABŞ-ın Yaxın Şərqdə keçirilən əməliyyatlara 7 trilyon dollar xərclədiyini vurğulamışdı: “Bu çox böyük xərcdir. Mən İŞİD-ə qalib gəldim. Biz çox yaxşı işlədik. Ancaq xərclərin çox olması kədərləndirici faktdır”. Xatırladaq ki, Pentaqon 2001-ci ildən 2017-ci ilədək ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlara 1,52 trilyon dollar xərclədiyi barədə məlumat yaymışdı. Uotson Braunovsk Universitetinin araşdırmasına əsasən, 2001-ci ildə ABŞ İraq, Suriya, Əfqanıstan və Pakistandak hərbi əməliyyatlara 4,3 trilyon dollar xərclədiyini bildirmişdi. 2018-ci ilin maliyyə ilində bu məbləğin 5,6 trilyon dollara çatacağı gözlənilir. Bu arada üçtərəfli görüş başa çatdıqdan sonra aprelin 4-də Ağ evin Suriyada terrorçu İŞİD-ə qarşı mübazirə ilə bağlı yaydığı açıqlama da diqqətçəkicidir: “İŞİD-ə qarşı hərbi mübarizə sona çatdırılacaq. ABŞ və müttəfiqləri İŞİD-i məhv etməkdə qətiyyətlidir. Onun yenidən meydana çıxmaması üçün əməkdaşlıq edilməlidir. İŞİD-in bir daha meydana gəlməməsi və sülhü saxlamaq üçün bölgədəki ölkələrin və BMT -nin bu istiqamətdə fəaliyyətini gözləyirik. ABŞ daha bir müddət Suriyada qalacaq. Ancaq bir müddət sonra bu ölkədən çıxacaq”. Bunu ABŞ-ın bölgədəki dövlətlərə özünəməxsus çağırışı da saymaq olar. Yaxud ABŞ-ın aprelin 4-də Ankaradan üçtərəfli görüşün iştirakçılarına hədəfini bu sayaq açıqladığını ethimal etmək olar. Başqa sözlə, ABŞ Suriyadan çıxmır, bölgədə İŞİD-ə qarşı mübarizəni davam etdirəcək, bu istiqamətdə bölgə dövlətləri ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Təbii ki, Suriyada sülhün yaradılması, qaçqınların evlərinə dönməsi, ölkənin bərpası, demokratik Suriyanın qurulması kimi problemlərin həlli arzuolunandır. Üçtərəfli görüş də bu istiqamətdə addımların atılacağına inamı artırır. Hər halda Azərbaycana qonşu dövlətlərin Suriya münaqişəsinin həllində fəallığı müsbət hal sayıla bilər. Bu, onu göstərir ki, bölgə dövlətləri və ya ona yaxın ölkələr beynəlxalq hüquq çərçivəsindən məsələyə yanaşanda problemi həll edə bilirlər. Hətta fərqli mövqe tutanlar belə bu halda fakt qarşısında qalırlar. Münaqişələrin həlli, yaxud bu istiqamətdə gerçək addımların atılması Azərbaycan cəmiyyətində də Dağlıq Qarabağın dinc yolla işğaldan azad olunacağına müsbət yanaşılmasına təsir göstərir. Dağlıq Qarabağ və ətraf rayonların işğal altında saxlanılmasından yalnız Azərbaycan deyil, ona qonşu dövlətlər də ziyan çəkirlər. İşğal uzandıqca Qərb də bölgədə rolunu artırmağa, mövqeyini möhkəmləndirməyə çalışır. Onların Cənubi Qafqazda möhkəmlənməsinin Tehran və Moskvaya sərf etməsi isə inandırıcı görünmür. Ona görə də Azərbaycana qonşu dövlətlər azından özlərinin siyasi, iqtisadi, sosial və hərbi maraqlarını təmin etmək üçün Dağlıq Qarabağın işğaldan azad edilməsində maraqlı olmalıdırlar. Əks halda, oxşar hadisələr bir gün onların da ərazisində baş qaldıra bilər. Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək