Ukraynalı deputatı rus kəşfiyyatı öldürmək istəyib – ŞOK İDDİA

Kiyevdə “Espresso” telekanalının binasının yaxınlığında terror aktı Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin koordinasiyası ilə törədilib. Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müavini Viktor Kononenko bildirib. Onun sözlərinə görə, Radikal Partiyasının üzvü, Ali Radanın deputatı İqor Mosiyçuk hədəf idi. Müstəntiqlərin versiyasına görə, terror aktı Ukrayna vətəndaşları olan Aleksandr Qriqoryan, İqor Lısak, Mixail Myatnix, həmçinin Rusiya Baş Kəşfiyayt İdarəsinin nümayəndələri tərəfindən təşkil edib. “Rusiya Baş Kəşfiyyat İdarəsinin nümayəndələri Ukraynaya gəlirdi və onları əlaqələndirirdi. Qriqoryan işğal edilmiş Krımdan piyada gəlib. Lısak partlayıcı maddənin əldə edilməsi üçün cavab verirdi. Hədəf xaos yaratmaq və qarşıdurmanın gücləndirilməsini provokasiya etmək idi. Amma əsas hədəf məhz Mosiyçuk idi”, - Kononenko Tvitterdə yazıb. O bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti artıq dekabrda cinayətə cəlb olunmuş şəxsləri aşkar edib. İstintaq zamanı 800 şahid dindirilib, 150 kameradan götürülən video öyrənilib. Xatırladaq ki, “Espresso” telekanalının binasının çıxışında partlayış ötən il oktyabrın sonunda baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, Mosiyçuk da daxil olmaqla 4 nəfər zərər çəkib. Ömər Dağlı