Şimali Koreya xarici işlər naziri: Beynəlxalq ədalət Qüdsü İsrailin paytaxtı kimi tanımağa çalışanlar tərəfindən pozulur

" Suriya , Yəmən, Əfqanıstan kimi ölkələrdə, Yaxın Şərqdəki münaqişələrdə beynəlxalq ədalət Qüdsü İsrailin paytaxtı kimi tanımağa çalışan böyük güclər tərəfindən pozulur". APA-nın məlumatına görə, bunu Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. Şimali Koreya xarici işlər naziri bildirib ki, dünyanın bir çox yerlərində kiçik ölkələr böyük güclərin hərbi qarşıdurmalarının qurbanı olur: "Əgər beynəlxalq ədalət yoxdursa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin heç bir dəyəri yoxdur və kiçik ölkələrin suverenliyi və mövcudluğuna heç zaman zəmanət verilə bilməz. Beynəlxalq ədalətin bərpa olunması üçün birgə səylər göstərilməlidir. Beynəlxalq aləmdə ikili standartlardan və ədalətsizlikdən imtina olunmalıdır. İqtisadi əməkdaşlıq, ətraf mühitin qorunması kimi mühüm beynəlxalq məsələlər ətrafında əməkdaşlığa can atılmalıdır".