Dönərxanalarla bağlı ilginc ittihamlara dövlət qurumundan cavab gəldi

Qida Təhlükəsizliyi Agentliyi: “Dönər ətinə insan ətinin qatılması faktlara əsaslanmayan, məsuliyyətsiz iddialardır, bu da əhalidə təşviş və çaşqınlıq yaradır” Bakıda dönərxanlarda ölü insan ətindən istifadə edilməsi ilə bağlı iddialar mediada, sosial şəbəkələrdə, cəmiyyətdə böyük rezonans doğurub, ciddi müzakirələrə səbəb olub. Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu günlərdə açıqlamasında bəzi nəzarətdən kənarda olan dönərxanalarda istifadə edilən ətin içərisində mənşəyi məlum olmayan ət, at, eşşək, hətta ölü insan ətinin olmasını istisna etməyib. Qida Təhlükəsizliyi Agentliyi məsələyə biganə qalmayaraq bəyanat yaydı. Bildirdi ki, bu cür açıqlamalar faktlara əsaslanmayan məsuliyyətsiz iddialardır, bu da əhalidə təşviş və çaşqınlıq yaradır. Agentlik bildirib ki, hüquq-mühafizə orqanları ilə birlikdə bu cür təşviş yaradan materialları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbir görəcək. Qeyd edək ki, təxminən 20 il öncə Azərbaycanda, Sumqayıtda insan ətindən “peraşki” bişirib satan bir şəxs yaxalanmışdı. Bu yaxınlarda sosial şəbəkələrdə həmin şəxsin bunu necə etdiyinə dair türmədə çəkilmiş kadrlar yayımlandı. Bundan az sonra dönər ətinə insan ətinin qatılması insanlarda xof yaratdı. Dünyanın bir çox ölkələrində qanuni şəkildə adam ətinin satılması, ondan hansısa qidalara vurulması faktları da var. O cümlədən Yaponiyanın paytaxtı Tokio şəhərində tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərinə insan ətində hazırlanan yeməklər təklif edən restoran var. Restoranın adı da fəaliyyətinə uyğundur - “Yeməli qardaş”. Məlumata görə, adı çəkilən restoranda yeməklərin qiyməti 100-1000 avro arasıdır. Ümumiyyətlə, bu ölkədə 2014-cü ildən etibarən kannibalizm leqal elan olunub. Yəni ölkənin istənilən sakini dünyasını dəyişərkən cəsədini hər hansı restorana vəsiyyət edə bilər. Bunun müqablində onun ailəsinə 35 min avro ödənilir. Bəs Azərbaycanda dönərlərə adam ətinin vurulması nə dərəcədə doğru ola bilər? Adam ətini tapmaq belə asandırmı? Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb:4 “Bakıda 15 mindən çox dönərxana var. 4 il bundan öncə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dönərləri təzə ətdən hazırlayan, onları şok dondurmadan keçirib, dönərləri şişə taxıb, xüsusi bağlayaraq, avtomobillərlə dönərxanalara çatdıran 4 müəssisə müəyyən edilmişdi. O müəssisələr ilk öncə yoxlanıldı, fəaliyyəti üçün icazə verildi. Bu müəssisələrdən Gəncə şəhərində yerləşən ”Elba" və “Çuda peçka” şirkətləri idi ki, onlar da sonradan bağlanıldı. Hazırda yerdə qalan iki şirkət var, onlar “Azprotein Foods Group” və “Səhliyalı”dır. Adıçəkilən şirkətlərdə standartlara uyğun ən müxtəlif çeşiddə dönər ətləri hazırlanır və avtomobillərlə dönərxanalara çatdırılır. Azad İstehlakçılar Birliyinin ilkin araşdırmaları onu göstərdi ki, bu iki şirkət cəmi 60-70 yerə məhsul paylayır. Qalan dönərxanlar tam nəzarətsizdir, haradan və necə gəldi ətlərdən istifadə edilir. Həmin dönərlərin içərisində mənşəyi məlum olmayan ətlər var. Qurumumuz bildirib ki, bu cür dönərxanalarda at, eşşək və digər mənşəli heyvanların ətlərindən istifadə olunması istisna olunmur. Yəni dənizin duzlu olduğunu bilmək üçün onun bütün suyunu içməyə ehtiyac yoxdur". Eyyub Hüseynov agentliyin bəyanatına da mövqe bildirib: “Əgər mən bilsəm ki, haradasa adam ətindən istifadə edilir, əlbəttə ki, mən həmin yeri ifşa edərəm və heç bir dövlət orqanını gözləmədən bunun qarşısını alaram ki, insanların sağlamlığı təmin olunsun. Çox təəssüf ki, qurumumuzun apardığı işlər dövlət orqanlarını bu cür qıcıqlandırır. Nə qədər ki, nəzarət yoxdur, dönərxanalar təhlükə mənbəyi olaraq qalacaq. Qurumumuz hazırlaşır ki, bütün dönərxanların monitorinqini aparsın. Çalışırıq ki, bütün dönərxanlar standartlara uyğun fəaliyyət göstərsin". Qurum sədri dönərlərə ölü adam ətinin vurulması ilə bağlı açıqlamasına da izah verib: “Mən bunu mübaligəli şəkildə demişəm. Bildirmişəm ki, əgər dönərxanlara nəzarət yoxdursa, müxtəlif ətlərdən, hətta adam ətindən də istifadə oluna bilər. Jurnalist isə başqa cür qeyd edib. Əlbəttə ki, adam əti əldə edib, onun dönərə vurulması haqda bilmirəm”.