Əbülfəs Qarayevlə Zurab Pololikaşvili arasında görüş olub

Cari ilin 4-7 aprel tarixində nazir Əbülfəs Qarayev ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib. SİA -nın məlumatına görə, görüş zamanı nazir Əbülfəs Qarayev ali qonağı Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Nazir ölkədə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə geniş məlumat verib və bu işlərin məntiqi nəticəsi olaraq ötən il ərzində Azərbaycana gələn turistlərin sayının 24 faiz artdığını qeyd edib. Həmçinin, Azərbaycana müxtəlif ölkələrdən turist səfərlərinin təşkil olunduğunu, hər bir seqment üzrə turizmin müxtəlif növlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın regional turizmin inkişafında da olduqca maraqlı olduğunu qeyd edən nazir, uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşurtunun təklif olunduğunu vurğulanıb. Daha sonra turizmdə kadr hazırlığından danışıldı və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında ali qonağa məlumat verilib. Eyni zamanda qeyd olundu ki, bu universitet Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir və Kremsin proqramı əsasında tədris həyata keçirilir. Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi Azərbaycana ilk səfərinin 5-7 aprel tarixində ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinə təsadüf etdiyindən məmnunluğunu ifadə edib. Baş katib dünya turizmində Azərbaycana marağın artdığını bildirib. Həmçinin qeyd olunub ki, Azərbaycan BMÜTT-da olduqca aktiv təmsil olunur və bu təşkilatın layihələrində yaxından iştirak edir. Eləcə də Zurab Pololikaşvili Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana gələn turistlərin artacağından əminliyini ifadə edib. Daha sonra Azərbaycan və BMÜTT arasında ölkədə turizm sahəsinin inkişafı ilə bağlı görülən işlərdən danışılıb.