AZAL yeni memorondum imzaladı - Foto

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bir sıra mühüm sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıb. AzNews.az bu barədə AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir. "Azəraeronaviqasiya" və IATA bir neçə sahədə əməkdaşlıq edəcək. Sazişi AZANS-ın direktoru Fərxan Quliyev və IATA-nın vitse-prezidenti Rafael Şvartsman Madriddə Hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində imzalayıb. Saziş hava hərəkətinin təşkili, hava hərəkətinin idarə edilməsi, aeronaviqasiya heyətinin təlimi, PANS/OPS uçuş prosedurlarının işlənib hazırlanması və xidmətlərin akkreditasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur. AZANS və IATA arasında əməkdaşlıq regionda hava hərəkəti xidmətinin təhlükəsiz və səmərəli təmin olunmasına kömək edəcək. AZANS HHİ-nin direktoru Fərxan Quliyev, həmçinin Sinqapurun Təhlükəsizlik və Aeronaviqasiya Təminatı üzrə Təşkilatının (CAAS) baş direktoru Kevin Şum ilə görüşüb. Görüş zamanı tərəflər tranzit uçuşların planlaşdırılması və hava hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin hava hərəkətinin təşkili üzrə illik Ümumdünya konqresi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Thales” şirkəti ilə birgə açılmış AZAL-ın yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) təqdimatı keçirilib. Tədbir çərçivəsində həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda AZANS Hava Hərəkəti İdarəsi ilə "Virtual HHİ qülləsi”nin tətbiqi üzrə yeni yüksək texnoloji layihənin işə salındığı elan olunub. Müvafiq müqaviləni AZAL prezidenti Cahangir Əsgərov və “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi fevralın 8-də Bakıda imzalayıblar. Layihə Fransanın “Thales” və Kanadanın aviasiya sahəsində innovasiyaların tətbiqi işində ixtisaslaşan və rəqəmsal HHİ qüllələrinin hazırlanması sahəsində "pioner" olan “Searide” şirkəti ilə konsorsiumda həyata keçiriləcək. "Virtual qüllə" aerodrom ərazisində hava hərəkətinin idarəedilməsini həyata keçirməyə və süni intellekt və rəqəmsal sistemlər tətbiq edərək məsafədən uçuş-informasiya xidməti göstərməyə imkan verəcək. Bu zaman HHİ-nin dispetçerləri tərəfindən idarə olunan real qüllənin səviyyəsinə ekvivalent olan istismar təhlükəsizliyinin tələb olunan səviyyəsinə tamamilə əməl olunur ki, bu da biznesi artan tələblər və sürətlə dəyişən xidmətlər bazarına vaxtında uyğunlaşdırmağa imkan verəcək. Hava hərəkətinin təşkili üzrə Ümumdünya konqresi HHT sahəsində ən böyük beynəlxalq peşəkar tədbirdir. Tədbir çərçivəsində bütün dünyadan hər il 7 500-dən çox mütəxəssisin iştirak etdiyi unikal sərgi və konfrans keçirilir. Konqres Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatı (CANSO) tərəfindən HHİ Dispetçerləri Assosiasiyası (ATCA) ilə tərəfdaşlıqda təşkil olunur və keçirilir. Konqresin iştirakçıları sırasına dünyanın aparıcı məhsul və xidmət müəllifləri, ekspertlər, aparıcı rəhbərlər, aeronaviqasiya xidmətlərinin təchizatçıları daxildir.