Masazırda qaçqınlar üçün tikilən mənzilləri kim satırmış?

İstintaq dövründə fərqli ifadələr verən, müəyyən şəxslərin adlarından istifadə edən Sitarə Quliyeva bütün bunlara məsuliyyətdən yaxa qurtarmaq üçün əl atdığını deyib. Hətta özündən uydurduğu şəxslərdən birinin adı ilə atasınada mesaj yazıb... Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi köçkünlərə qarşı dələduzluq etməkdə ittiham olunan Füzuli rayon sakini 36 yaşlı Sitarə Quliyevanın cinayətişi üzrə məhkəmə istintaqı yekunlaşıb.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. İttihama görə, Sitarə Quliyeva özünü Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edərək komitə tərəfindən məcburi köçkünlər üçün tikilmiş Abşeron rayonu Masazır qəsəbəsində yerləşən mənzilləri satmaq adı altında onlara qarşı dələduzluq edib. Belə ki, məcburi köçkünləri inandırıb onların etimadını qazanan S.Quliyeva ev almaq üçün köməklik edəcəyinə söz verib. Bu məqsədlə müxtəlif şəxslərdən külli miqdarda pullar alıb. Törətdiyi cinayət əməlinə görə S.Quliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində axtarış elan olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən Sitarə Quliyeva ifadəsində kirayədə yaşadığını, ev almaq istəsə də, maddi vəziyyətinin aşağı səviyyədə olması səbəbindən ala bilmədiyini, bu üzdən dələduzluq etdiyini göstərib. Üç il öncə rəfiqəsi Əminəgilə getdiyini, söhbət əsnasında ona “Qaçqınkom” vasitəsilə özünə 10 min manata ev alacağını deyib: “Əminə ilə həyat yoldaşı Rafiq onlara da ev almaqda köməklik etməyimi istədilər. Dedim, qoy əvvəl özümə alım, sonra siz alarsınız. Yalandan dedim ki, Oqtay adlı bir tanışım var, ona deyərəm, köməklik edər”. S.Quliyeva ev almaq adı ilə rəfiqəsigildən 2014-cü ilin mart ayında 5500 manat pul alıb. Rəfiqəsinin həyat yoldaşı Rafiq Quliyev bir müddət sonra onunla əlaqə saxlayaraq qohumlarının da mənzil almaq istədiklərini deyib. S.Quliyeva isə həmyerlisinə “problem yoxdur, Oqtaya deyərəm, sizə də köməklik edər” deməklə kifayətlənib: “Əminəgilin evində İlqar adlı şəxsdən 5 min manat, Xuramandan 5500 manat aldım, pulu öz ehtiyaclarıma ödədim. Nəzirə adlı qadından da 11 min manat, Əlövsətdən 9500 manat almışdım. Əldə etdiyim pullardan Rafiqə heç nə verməmişəm. Pulların bir hissəsini qaytarsam da, qalan hissəsini ehtiyaclarım üçün xərcləmişəm”. S.Quliyeva ifadəsində adını hallandırdığı Oqtay Babayev və Elman İsmayılov adlı şəxsləri özündən uydurduğunu, həmin insanları tanımadığını, onların barəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını deyib: “Oqtay Babayev adlı şəxs mənə heç bir köməklik etməyib. Elman İsmayılova 100 min manat borc pul verməmişəm, onun harada işlədiyini bilmirəm. Yalanları özümü müdafiə etmək məqsədilə söyləmişəm, məsuliyyətə cəlb ediləcəyimdən qorxmuşam”. Zərərçəkmiş Əlövsət Qaraşov ifadəsində kirayədə yaşadığını, “Qaçqınkom” vasitəsilə 3 otaqlı ev almaq üçün Sitarəyə 9500 manat verdiyini göstərib: “Sitarə dedi ki, Qaçqınların işi üzrə komitədə işləyən Elman İsmayılovla danışıb, iyul ayının sonunda ev veriləcək. Hər dəfə zəng vuranda mənzildə təmir işləri getdiyini, qaz çəkilişinin başa çatmadığını deyirdi. Sonradan ev məsələsinin alınmadığını, verdiyi pulu geri qaytaracağını dedi. Cəmi 3500 manat qaytardı, qalanını vermədi”. Qarabağ əlili Rafiq Quliyev də ev almaq arzusunda olub. Tez-tez onlara qonaq gələn Sitarənin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işə düzəldiyini eşidən R.Quliyev lazımi sənədləri toplayıb: “Həyat yoldaşımın rəfiqəsi Sitarəyə 5500 manat pul verdim. Bu günə kimi hələ də 3500 manatımı qaytarmayıb”. Zərərçəkmiş Nəzirə Kazımova ifadəsində Sitarənin ona “Qaçqınkom”da sənədləşmə şöbəsində işlədiyini, məcburi köçkünlər üçün inşa edilən evlərin sənədləşməsini apardığını dediyini göstərib: “Ümumilikdə, Sitarəyə 11 min manat pul vermişəm. Bizə evlərin 3 ay ərzində veriləcəyini dedi. Sonradan müxtəlif bəhanələr gətirdi. Pulu qaytarmadı”. Ən maraqlısı odur ki, müxtəlif şəxslərə qarşı dələduzluq edən S.Quliyeva doğma atasını da “unutmayıb”. Qızının əməllərindən sonradan xəbər tutan ata onun aldığı pulları hara xərclədiyini bilməyib: “Hadisədən çox gec xəbər tutmuşam. Qızımdan soruşanda, pulları Oqtay Babayev adlı şəxsə verdiyini söylədi. Sonradan telefonuma mesaj gəldi. Mesaj yazan Oqtay olduğunu və Sitarənin pulları ona verdiyini bildirdi. Mən Oqtayı görməmişəm, onunla söhbət etməmişəm. 2017-ci ilin iyun ayının əvvəlində isə məlum oldu ki, qızım həmin nömrədən Oqtay adlı şəxsin adından mesajlar yazıbmış”. Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.