“Neftçi”dən Mirhüseyn və Nizami ilə bağlı AÇIQLAMA

Bir neçə gün öncə “Keşlə” komandasının futbolçuları Mirhüseyn Seyidov və Nizami Hacıyevin “Neftçi”yə qarşı keçirilən oyunda bilərəkdən zəif çıxış etməsi böyük qalmaqala səbəb oldu. Futbolçular zəif çıxış etmələrini “Neftçi”yə transfer olacaqları ilə əlaqələndirmişdilər. Publika.az hər iki klubun mətbuat xidmətindən futbolçuların transfer olunacağı ilə bağlı iddiaların doğru olub-olmadığını öyrənməyə çalışıb. “Neftçi” futbol klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlunun verdiyi məlumata görə, nə Nizami Hacıyev nə də Mirhüseyn Seyidov klubumuza transfer olunmaq istəyi ilə bizə hər hansı müraciət edib: “Biz də öz növbəmizdə Mirhüseyn Seyidovla maraqlanmamışıq. Yəni baş məşqçinin transfer siyahısında o futbolçunun adı olmayıb. Nizami Hacıyevlə maraqlanmışıq. Ancaq onun “Keşlə” ilə mövsüm sonuna qədər müqaviləsi var. Bu durumda biz onunla necə müqavilə imzalaya bilərik ki?” “Keşlə” klubun mətbuat xidməti Səbuhi Məmmədov isə futbolçuların transferi barədə hansısa rəsmi və ya qeyri-rəsmi məlumatının olmadığını deyib: “Əgər futbolçular transfer olunmaq istəsəydi, hər iki klub görüş keçirərdi və müqaviləyə xitam verilərək futbolçu digər kluba keçərdi. Müqavilənin qalan müddətinin qarşılığında isə təzminat ödənərdi. Bütün hallarda futbolçuların belə bir yola əl atması qəbuledilməzdir. Çünki hər işin bir qaydası var. Futbolçu müqavilə bitənə qədər klubun ixtiyarındadır. Müqvilə bitdikdən sonra isə sərbəstdir, istədiyi klubda oynaya bilər. Onu da qeyd edim ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov transfer olunmaq istəkləri barədə bizə heç bir məlumat verməyib”. Zümrüd