Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

tarixdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, QMƏVŞAİB-in sədr müavini Ariz Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov və rayonda fəaliyyət göstərən ictimai təşkilat rəhbərləri və filialın üzvləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları rayonun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarlarını ziyarət etmişlər Yığıncaqdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və yaradıcılığını əks etdirən muzeylə tanış olmuşlar. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, Ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud Heydərov hesabatla çıxış etmişdir. O, çıxışında hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı çıxış etmiş, dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğıdan danışmışdır. Müharibə veteranı Mikayıl Zeynalov, müharibə əlilləri Mehman Hüseynov, İlqar Qayıbov, Bəhmən Qurbanov və Azər Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Təhməz Abbasov çıxış edərək rayon filialının fəaliyyətindən danışmışlar. Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova çıxış edərək rayonda yaşayan müharibə statuslu insanlara göstərilən diqqət və qayğıdan danışmış və onların problemlərini daim rayon rəhbərliyinin diqqət mərkəzində olmasını bildirmişdir. QMƏVŞAİB-in sədr müavini filialın işini qənaətbəxş hesab etmiş və gələcək işlərində filiala uğurlar arzulamışdır. Tədbirdə filialın fəaliyyətində fəal iştirak edən şəxslərə Fəxri Fərmanlar təqdim olunmuşdur. Tədbirin sonunda 3 dekabr - Beynəlxalq əlillər günü münasibətiləAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialı tərəfindənmüharibə əlilləri arasında stolüstü oyunlar üzrə keçirilən rayon turnirinin qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir.