“Kəpəz”ə güc verin” - Yunis Hüseynov

“Kəpəz”ə güc verin” - Yunis Hüseynov “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Gəncə şəhər stadionunun bazasında azarkeşlərlə görüşüb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə Y.Hüseynovun təşəbbüsü ilə reallaşan görüşdə “Kəpəz”in müxtəlif fanklublarının 20-dən çox fəal üzvü iştirak edib. 52 yaşlı mütəxəssis azarkeşlərin böyük qüvvə olduğunu, futbolu onlarsız təsəvvür etmədiyini deyib: “Futbolçunun yaxşı oynaması azarkeşdən asılıdır. Həmişə belə düşünmüşəm. Mən oynayan dövrlərdə stadionda tamaşaçı olmayanda özümü rahat hiss etmirdim. Futbolçu fanat ordusu önündə çıxış edəndə daha çox məsuliyyət daşıyır. Azarkeşsiz futbol olmaz, siz bizim “12-ci oyunçu”muz rolundasınız. Sizə təşəkkür edirəm, bura gələndən azarkeşin dəstəyini görürəm. Belə də davam edin, “Kəpəz”ə güc verin. Gəncə azarkeşi pis və yaxşı günündə komandanın yanında olub. Dəstəyinizi əsirgəməyin”. Yunis Hüseynov komanda - azarkeş birliyinin uğurlu tandem təşkil etməli olduğunu da sözlərinə əlavə edib. O, futbolçularla azarkeşlərin bir-birlərinə qarşılıqlı hörmət şəklində yanaşmalarının vacibliyini qeyd edib. "Kəpəz"in baş məşqçisi komandanın vəziyyəti ilə bağlı danışarkən isə tezliklə bu durumdan çıxacaqlarına inandığını deyib: ““Kəpəz”ə ürəklə gəlmişəm, bura mənim evimdir. Komandaya canla-başla xidmət etməyə hazıram. Doğma klubumuzu bu vəziyyətdən birlikdə çıxarmalıyıq. Əziyyət çəkməliyik, bunsuz iş olmur. Sizə söz verirəm ki, yaxşı komanda qurmaqla uğurlu şəkildə çıxış etməyə çalışacağıq. Çempionatda itirdiyimiz xallar çoxdur, odur ki, kubokda bacardıqca irəli getmək istəyirik. Qış fasiləsi üçün fikrimizdən keçən oyunçular var, onlarla danışıqlar aparmaq niyyətindəyik. Komandamıza xeyir gətirə biləcək futbolçuları heyətimizə qatmalıyıq”. Çıxışından sonra Y.Hüseynov azarkeşləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. Təxminən bir saatdan çox davam edən görüşün sonunda fanklublar bundan sonra da “Kəpəz”ə dəstək verəcəklərini bildiriblər.