Moskvada futbol üzrə XXI dünya çempionatının püşkü atılıb

Moskvada futbol üzrə XXI dünya çempionatının püşkü atılıb 02 Dekabr 2017, 14:07 (GMT 4) Bakı, 2 dekabr,  SalamNews .  Moskvada Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. SalamNews  xəbər verir ki, dünya çempionatında iştirak hüququ qazanan 32 komandanın adları dörd səbətə daxil edilib. Birinci səbətə ev sahibi Rusiya, dünya çempionu Almaniya, beşqat dünya çempionu Braziliya, Avropa çempionu Portuqaliya, Argentina, Belçika, Polşa və Fransa, ikinci səbətə İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay və Xorvatiya milliləri daxil ediliblər. Üçüncü səbətdə Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal və İran, dördüncü səbətdə isə Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı yığmaları yer alıblar. Püşkatma belə nəticələnib: “A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay “B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran “C” qrupu: Fransa, Peru, Danimarka, Avstraliya “D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya “E” qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya “F” qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya “G” qrupu: Belçika, İngiltərə, Tunis, Panama “H” qrupu: Polşa, Kolumbiya, Seneqal, Yaponiya. Dövlət Kreml Sarayında keçirilən püşkatma mərasimində Rusiya Prezidenti Vladimir Putin, həmçinin mundialın 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq iştirak edib. Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatının final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Oyunların 11 şəhərin 12 stadionunda keçirilməsi planlaşdırılır. Rusiya öz tarixində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, çempionatda ilk dəfə video-təkrar sistemi tətbiq olunacaq.