“Talıb Taleni tanımırdım” — “Maşın”dan sonra ilk müsahibə

Tanınmış şoumen, aparıcı Murad Dadaşovun “Qafqazinfo”ya müsahibəsi: - Murad bəy, ofisinizdə ilk dəfə qonağıq, daha doğrusu sizin otağınızda... Çox maraqlı dizaynı var. - Hamısını özüm etmişəm, ona görə ki, iş kabinetimdə çox vaxt keçirirəm. Günümün əksər vaxtını burada oluram. Bura bir az mürəkkəb və çətin bir yer olsaydı, o enerjini ala bilməzdim. O zaman işə az vaxt sərf edəcəyəm, uduzacağam. Mən isə uduzmağı sevmirəm. İstəyirəm ki, hər şey yaxşı və mükəmməl olsun. Otaq ağ bir məkandır. Bir tərəfdən rəmzi xarakter daşıyır. Ona görə ki, rəssam işinə elə ağ rəngdən başlayır. Ağ lövhə üzərində ideyalarını həyata keçirir. Bizdə də belədir. Hər şey saflıqdan, boşluqdan və sıfırdan başlayır. - Özünüz də qeyd etdiniz ki, gününüzün əksər vaxtlarını ofisdə keçirirsiz. Məsələn, yazarlar, bəstəkarlar ümumiyyətlə, incəsənətə bağlı insanlar hansısa bir işi ərsəyə gətirəndə otağın xüsusi bir küncündə olurlar. İdeya həmin məkanda formalaşır. Bəs, sizdə necədir? - Ekran qarşısında, yemək yeyəndə, yatanda, gecə yuxuda... 24 saat iş haqqında düşünürəm. Bu iş həm istirahətim, həm də işimdir. Ətrafıma da dostlarımı yığmışam. Ən çox ideya televizora baxanda gəlir. Televizora səssiz baxıram, o zaman səsini qaldırıram ki, qeyri-adi, fövqəladə, məni maraqlandıran bir şey olsun. Hesab edirəm ki, ilk olaraq təsvir özü-özlüyündə insanı cəlb etməlidir. - Bir az da “Ağlama” adlı yeni yumoristik layihənizdən danışaq. - “Ağlama” bizim 2018-2019-cu il planımızda olan layihələrdən biridir. Mən öz işimi yumordan başlamışdım və hər kəs mənə təəcüblənirdi, deyirdilər ki, niyə yumoristik bir iş yaratmırsan? İntellektual insanları müsabiqəyə çağırmaq istəyirəm. Fikirləşirəm ki, yumoru bacaran insan boş-boşuna zarafat etməsin, pul qazansın. Şoumuzun qaydalarından biri belədir. Yumor haqqında çox danışırlar, deyirlər ki, səviyyəsi aşağıdır. Yumorun səviyyəsi aşağı deyil, sadəcə olaraq hərə özü nəyi necə görürsə, ekrandan elə götürür. “Bakılı oğlanlar” KVN-i var idi. Elə zarafatlar var idi ki, məişət mövzularına toxunulurdu. Amma bu, aşağı səviyyədə yumor deyildi. Mənim üçün “Ağlama” layihəsi maraqlı və istedadlı insanların toplusudur. İnsan var ki, gözəl bir aktyordur, amma yazı bacarığı yoxdur. Və yaxud əksinə. Bu layihədə bütün insanlar bir araya gələ bilərlər. Münsif xalqımızın özüdür. Amma yarışmada rəmzi olaraq münsiflər olacaq, yumordan başı çıxan şəxslər həmin kürsüdə əyləşəcək. Məsələ güldürməkdir. Sən əgər güldürməyi bacarırsansa, deməli, istedadlısan. Münsifləri güldürən hər bir şəxs yaxşı pul qazana bilər. Yumorun ölçü vahidi saniyə olacaq, hər saniyədə pul qazana biləcəklər. - Son illər Murad Dadaşov “Maşın şou” ilə gündəmə gəlir, həm də gündəm yaradır. Amma sosial şəbəkə istifadəçiləri etiraz edirlər ki, niyə maşın uğrunda vətəndaşlar yox, şou əhli mübarizə aparır? - Şərh yazan insanların əksəriyyəti özünü oyunda görmək istəyi ilə belə şərhlər yazırlar. Tutaq ki, mən razılaşdım. Amma həmin təklifi edən vətəndaşa deyəcəyəm ki, şouda siz yox, başqaları iştirak edəcək. Görəsən o razı olacaq ki, yarışmada ancaq sadə vətəndaşlar iştirak etməyə... Sadə insan yoxdur. Hər kəsin öz fikri, mövqeyi olur. İnsanlar sadə olmur. Mənə elə gəlir ki, tanınmışları çağırmaqla ədalətli qərar verdim. Səbəbini sizə izah edirəm. Şounun qaydaları var. Və bu qaydalara uyğun olaraq şounun ilk günü bir nəfər kənarlaşdırılır. Tanınmış şəxslərin hər birinin keçmişi var. Ən azından məşhurun adı gələndə insanlar onun barədə müəyyən fikrə gələ bilirlər. Amma sıravi tamaşaçılarda belə deyil, heç bir təəssürat yaranmır. Elə gəldiyi gün də gedir. Necə ki, orta tanınan bir müğənnidə də bəzən belə olur. Əlbəttə, bir gün nəsə belə şeylər edəcəyik. Hətta düşünürük ki, 18 nəfərdən 9-u məşhur, digər 9 nəfəri isə vətəndaşlar olsun. - Heç olub ki, müğənni sizdən xahiş etsin, pul təklif etsin ki, məni də verilişə çək. Ümumiyyətlə, iştirakçıları necə seçirsiz? - Əlbəttə, o qədər olub ki,.. Bir neçə məşhur var. Yeni məşhurlardandı. Onların doğmaları “Maşın” şounun anonsu çıxandan sonra mənə zəng vururlar. O dərəcəyə çatıb ki, biz artıq doğmalaşmışıq. Deyirlər ki, nə lazımdırsa, hörmət edək. Deyirəm ki, əzizim, mən qalib iştirakçıya 65 minlik hədiyyə verirəm. Sən mənə 65 mindən çox pul verəcəksən? Deyir ki, yox, hədiyyə verərdim. Hədiyyəylə iş qurtarsaydı, nə böyük şey olardı. Mənə verdiyi pulu o tanınmışın təbliğatına xərclə, qoy həmin şəxs lap çox tanınsın. Ondan mən xahiş edim ki, bizim yarışmada iştirak etsin. Adama deməzlər ki, Murad müəllim, bu şəxs kimdir? Bəs deyirdiz tanınmışlar iştirak edəcək? Hətta mən Talıb Taleni belə tanımırdım. Sosial şəbəkələrdə baxdım, gördüm ki, onun böyük bir tamaşaçısı var. Onunla şəxsi tanış deyildik. Mənim musiqim deyil, gün ərzində dinləmirəm. Amma maraqlı tapıntıları var. Onu bu qədər dinləyən var. Kimsə qulaq asır da... O kimsələr bizdən çoxdur. İştirakçıların əksəriyyətini özüm dəvət edirəm. Şouya cavadeh mənəm, ona görə tapşırıq filan işə yaramır. - Amma mətbuatda xəbərlər yayılırdı ki, bir çox tanınmışlar yarışmadan imtina ediblər. Sizcə, səbəb nə idi? Qorxu? - Ad çəksəm, pis olar. Əlbəttə, qorxanlar çox idi. Bura təkcə dözüm müsabiqəsi deyil, həm də status məsələsi var. Axı hamı bir obrazdadır. Müğənnilər üçün asandır. Onlar hər mahnıya uyğun olaraq obraza girə bilirlər. Müğənnilər o qədər obraza girib çıxırlar ki, artıq özləri də bir obrazın içində olurlar. Maskalar deyil, obrazlardır. Özlərinə qayıdırlar və siz onların kim olduğunu görürsüz. Kulis, mətbəxt səhnə qədər deyil. Bu məqamları insanların görməyini istəməyənlər gəlmirlər. Amma gələnlər özlərinə arxayın insanlardır. Məni də şouya çağırsaydılar, çox fikirləşərdim. - Mən o verilişi daim izləyən biri kimi deyə bilərəm ki, şou məşhurlar üçün elə bil ki, tramplindir. Həm də kimisi insanların gözündə qalxa, kimisi isə gözdən düşə bilər. Siz bu barədə nə deyə bilərsiz? - Müəyyən insanlar qorxurlar ki, obrazlarını əldən buraxarlar. O zaman lazımsız şeylər ortaya çıxa bilər. Mənə elə gəlir ki, bizdə düz sözü deyən, açıq etiraf edəni hər kəs sevir. Sanki hamı deyir ki, biz bacarmadıq, sən o etirafı edə bildin. Cəmiyyət yoxsulluqdan, başqa şeylərdən qorxmur. Ən çox qorxduğu şey pərt olmaq məsələsidir. Dərindən düşünsək, hər şeyin dibində pərt olmaqdır. - “Maşın”dan söz düşmüşkən, etiraf edək ki, son dövrün ən reytinqli verilişidir. Hər buraxılışı ilə reytinqləri alt-üst edirsiz. Təbii ki, bu göstəricələrin səbəblərindən biri də qalmaqallardır. Doğrudan Murad Dadaşov Səidə-Pərvin, Xatun-Elşad Xose qalmaqallarında maraqlı ola bilər? - Əlbəttə, insanlar qalmaqalı cəlbedici bir faktor kimi qəbul edirlər. Amma sizə bir söz deyim ki, özüm qalmaqallardan çox uzaq biriyəm. Orada qalmaqal olanda redaktorlar deyir ki, Murad, danışma, qoy dava etsinlər. Mən deyirəm, yox! Onları sakitləşdirirəm. Mənə elə gəlir ki, qalmaqal yarananda əsas məna itir. Axı “Maşın” şouda dərin bir məna var. Realiti şou cəmiyyətin indiki vəziyyətinin əksidir. Proqram niyə baxımlıdır? Çünki hamı özünü orada görür, orada tapır. Kimsə Pərvin Abıyevanın, kimsə Səidə Sultanın, kimsə də Talıb Taleyin simasında... Orada münasibətlər gündəlik üzləşdiyimiz hadisələrlə üst-üstdə düşür. Az olub ki, ən yaxın dostunuz həyatda satqın çıxıb? Biz heç kəsə yarışmada rollar paylamırıq. Bura serial deyil. Sadəcə olaraq bir mühit yaratmışıq və bu mühit daxilində insanlar yarışırlar. Bir psixoloq kimi mənə də maraqlıdır. Bir insanı nə həddə çatdırmaq lazımdır ki, o bir addım atsın. Həyatda bu gün insanların yaxşı addımlarından təəccüblənirəm. Pis, mənfi addımlardan təəccüblənmirəm. Mənə deyirlər ki, kimsə sənin haqqında mənfi danışıb. Düşünmüşəm ki, bunun arxasında inciklik dayanıb. Hər zaman günahı özümdə axtarmışam. Bəlkə nə vaxtsa salam verməmişəm, kobudluq, diqqətsizlik etmişəm və s. - Media yazdı ki, reytinqli iştriakçılara güzəşt edirsiz. Elə son buraxılışda həm tamaşaçılar, həm də iştirakçılar bir-iki nəfərin əlini çəkməsi ilə bağlı adlar söylədilər. Amma siz bu mövzunun üzərinə getmədiz. Belə detallar bu şounun real olmasına şübhələr yaradır. Siz də susmaqla buna sanki şərait yaradırsız. “Survivor”da belə deyil, ittihamlar olanda rəhbərlik açıqlama yayır, görüntüləri paylaşır filan. - Bizim mətbuat xidmətimiz daim maraqlı rəylərə cavab verir, aydınlıq gətirir. İnsanlar minnətdaram ki, vaxt ayırırlar. Düşünün, gedir baxır, həmin epizodu rəngləyir, paylaşır. Həmin insanlar işimə vaxt ayırırlar. Hərdən zəng edib deyirlər. Söyləyirlər ki, ola bilsin görmədiz, mən sizə atıram. Biz bu haqda danışırıq, həqiqətən də vacib bildiyimiz məsələlərə münasibət göstəririk. Amma çox qabartmırıq. Səbəbini sizə deyim. İnanın mənə, qabartdıqca bu videoların sayı daha çox artacaq. O zaman layihə kənarda qalacaq, belə videoları müzakirə edəcəyik. İştirakçıların özləri maşın ətrafında sıx dayanırlar. Onlar kiminsə əlinin götürməyini görsə, həmin gün orada elan edər. Bu, iştirakçının xeyrinədir. İstəyər ki, rəqibləri azalsın. Qayda qaydadır, qaydanı pozanlar şoudan kənarlaşdırılıb. - Elə “Survivor”dan söz düşmüşkən. Sizi Acuna bənzədirdilər. Keçmiş zamanda ona görə deyirəm ki, indi Murad Dadaşov məmur tipindədir, məmurlaşıb. Bu ətrafınızda olan yüksək vəzifəli məmurlarla dostluq etməyinizdən irəli gəlir? Siz buna necə baxırsız? - Ola bilsin ki, məmurlar kökdür, ondan bənzədirlər (gülür). Sizə bir şey deyim, bu haqda ilk dəfə danışıram. KVN komandasının işi bitəndə çox cavan idik. Hamımızı nazirlər, dövlət adamları dəvət etdilər, dedilər ki, istedadlı uşaqlarsız, gəlin, sizə iş verək. Kimsə razılaşdı, dövlət işinə keçdi. Mən razılaşmadım, nədənsə özümü məmur kimi görməmişəm. Ona görə yox ki, bu işdən çəkinirəm. Hesab edirəm ki, insan fayda gətirə bilirsə onun yeri olmalıdır. “Uşaqlar var, şərait yoxdur” məsələsini yada salaq. Həmişə düşünürdüm ki, deyiləsi sözüm olar, amma platformam olmaz. Öz tribunamı yaradıcılıqda tapdım. Milli Məclis seçkilərində adım səslənirdi. Mənim dövlət üçün edəcəyim işlərdə bir yerim var, orada başqaları əyləşsin. Həmçinin daxilən müstəqilliyi sevən insanam. İnsan gərək daxilən o işə istiqamətli olsun. - Bəlkə də məmur obrazında görünməyiniz vəzifədə olan dostlarınızdan irəli gəlir. Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla çox yaxın dostsunuz. - Anarla çox yaxın dostam, çox gözəl münasibətlərimiz var. Ümumiyyətlə, tanınmış şəxslər hər kəslə yaxın olmalıdır. Bu, mənim şəxsi fikrimdir. Xüsusilə xaricdə çalışan təşkilatlarla əməkdaşlıq etmək lazımdır. Dövlət məmurlarının övladlarının hamısı Azərbaycan üçün çalışırlar. Onlar iş görən zaman bizim kimi insanlarla əlaqə yaradırlar. Mən məmur olmamışam, bu yaxın müddətdə məmur olmaq fikrində deyiləm. - Bir az ailədən danışaq. Böyük oğlunuz artıq gəncdir. Nə işlə məşğuldurlar? - Hələ balacadırlar. Böyük oğlum televiziya və şou-biznes aləmindən kənardır. Hətta verilişlərimə bir-iki dəfə gəlib, o da dostları xahiş edib. Son illərə kimi dostları belə onun atasının kim olduğunu bilmirdi. Eşitmişdilər, amma Murad Dadaşovun olduğunu dəqiq bilmirdilər. Uşaqlarım kimin övladı olduqlarını gizlədirlər. Sual verəndə ki, niyə gizlədirsiz? Deyirlər ki, sənə görə bizlə dostluq edirlər. Mən yazıq nə edirəm? (gülür). Deyirlər ki, bizə görə dostluq etsinlər. Digər tərəfdən həyat yoldaşım qapalı biridir, şou-biznesdən kənardır. Elmi işləri ilə məşğul olur. Ailəmdə mənə lazım olan sakitliyi, sıfırlanmanı evdən alıram. Bilirsiz ki, lap kiçik oğlum körpədir, 7 yaşı var. Ortancıl oğlumda bir qədər incəsənətə meyillilik var. Amma bu peşənin bir özəlliyi var. Digər sahələrdən fərqli olaraq istedadın olmalıdır. Naxış məsələsi var. Naxış hər adamda yoxdur. Allahıma minnətdaram, naxış məsələsini mənə bəxş etdi. Bu naxış övladlarımda olacaqmı?.. Niyyət, istək öz yerində, amma naxış çox vacib bir məsələdir. Elvin Elxan Video: Nuran Məmmədov Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi